Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunda “ATEF Şirkətlər Qrupu”nun iri qabaritli transformatorlar zavodunun açılışında iştirak edib, yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoyub. Oxu.Az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə əsasən, İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və “ATEF Şirkətlər Qrupu”nun rəhbəri Talıb Əlixanbəyov şirkətin Əmircan qəsəbəsindəki Bakı yağ transformatorları zavodu, Qaraçuxur qəsəbəsində transformatorlar və elektrotexniki avadanlıqlar istehsal edən zavod, Hövsan qəsəbəsində isə metal konstruksiya zavodu barədə məlumat veriblər. Bildirilib ki, bunlardan başqa, şirkətin layihə-konstruktor bürosu, 3 tikinti-quraşdırma, həmçinin nəqliyyat və mexanikləşdirmə idarələri var. Şirkətin transformatorlar zavodu 2005-ci, metal konstruksiya zavodu isə 2011-ci ildən fəaliyyət göstərir. Prezident İlham Əliyevə şirkətin Azərbaycanda və xaricdə gördüyü işlər, ixrac imkanları və perspektivləri barədə məlumat verilib. “ATEF Şirkətlər Qrupu” ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı Sərəncamla özəlləşdirilən Bakı mayesiz transformatorlar zavodunun bazasında yaradılıb. Ümummilli lider Heydər Əliyev 1982-ci və 1986-cü illərdə bu istehsal müəssisəsində olub, kollektivlə görüşüb. Hazırda şirkət tərəfindən Bakı-Tbilisi-Qars, Bakı-Böyük Kəsik dəmir yol xəttinin, eyni zamanda, Sabirabad, Qazax, Beyləqan rayonlarında məcburi köçkünlər üçün salınan qəsəbələrin elektrik təchizatını nəzərdə tutan yarımstansiyaların quraşdırılması üzrə işlərin icrası davam etdirilir. İri qabaritli transformatorlar zavodunun sınaq laboratoriyası müasir səviyyədədir. Buradakı qurğular 2,4 milyon voltadək yüksələ bilən impuls gərginliyi və 700 min voltadək dəyişən cərəyan verə bilir. Bu isə istehsal edilən transformatorların izolyasiyasını yoxlamağa imkan verir. Zavodda azərbaycanlı mütəxəssislər beynəlxalq təcrübəyə əsaslanan intellektual biliklərdən istifadə edirlər. Prezident İlham Əliyev iri qabaritli transformatorlar zavodunu işə salıb. Məlumat verilib ki, ümumi sahəsi 15,6 hektar, istehsal sahəsi isə 14 min kvadratmetr olan zavod 3 korpus və 5 istehsal sahəsindən ibarətdir. Müəssisədə iri qabaritli güc transformatorları və reaktorların istehsalı nəzərdə tutulur. Burada həm də müxtəlif növ elektrotexniki avadanlıqlar, açıq və qapalı tipli yarımstansiyalar istehsal ediləcək. Cənubi Qafqazda analoqu olmayan, dünyanın aparıcı şirkətlərinin istehsal etdiyi avadanlıqla təchiz edilmiş zavodda yüksək keyfiyyətli məhsul hazırlamaq üçün bütün şərait var. Burada 300 nəfər işlə təmin edilib.