top of page

ATEF “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları üçün təlim keçib


“ATEF Şirkətlər Qrupu” MMC-də H.Z.Tağıyev adına 1 nömrəli İşarəvermə və Rabitə sahəsinin əməkdaşlarına “İMB - ATEF avadanlıqları, qovuşuqsuz rels dövrələri və mikroprosessor mərkəzləşməsi” mövzusunda təlim keçirilib.

Həmin qurumun müraciəti əsasında baş tutan təlim şirkətin Yüksək Gərginlikli Avadanlıqlar Zavodundakı Təlim Mərkəzində reallaşıb.

Əvvəlcə təlim iştirakçıları ATEF Sənaye Kompleksinə daxil olan zavodların istehsalat prosesi ilə tanış olublar. Qonaqlara İri Qabaritli Transformatorlar Zavodu, ATEF Transformatorlar Zavodu, Yüksək Gərginlikli Avadanlıqlar Zavodu, Tökmə Məmulatları Zavodu, Kabel Məhsulları Zavodu, Dəqiq Mexaniki Emal Zavodu və Bərk İzolyasiya Zavodları, eləcə də bu müəssisələrdə istehsal olunan məhsullar barədə ətraflı məlumat verilib.

Bildirilib ki, şirkət güc transformatorları, yüksək və orta gərginlikli elektrik avadanlıqlarının istehsalı üzrə ixtisaslaşıb. Dəmir yolları, sənaye, energetika və digər sahələr üzrə hazır eksklüziv həllər təklif edən ATEF, hazırda transformator, reaktor, paylayıcı qurğular, yarımstansiya komponentlərini, dəmir yolu kontakt şəbəkəsi konstruksiyası və detalları, eləcə də Rabitə və İşarəvermə sistemləri avadanlıqları da daxil olmaqla, müasir texnologiyalar əsasında müxtəlif məhsulların istehsalını həyata keçirir.

ATEF yeni tədqiqat və istehsal sahələrinə, eləcə də müasir texnologiyalara sərmayə qoymaqda davam edir. Belə sahələrdən biri də dəmir yolları, metropoliten və şəhər nəqliyyatında rabitə və işarəvermə sistemlərində istifadə olunan avadanlıq istehsalıdır.

Təlim zamanı şirkətin milli intellektual məhsulu - ATEF İşarəvermə, Mərkəzləmə, Bloklama avadanlığının və mikroprosessor mərkəzləşməsi sistemindən bəhs olunub. İştirakçılara kontroller, server klient, SCADA, proqram təminatı və alqoritmlər haqqında ətraflı məlumat verilib. Yüksək Gərginlikli Avadanlıqlar Zavodunda qurulan dəmiryolu siqnalizasiya, mərkəzləşdirmə və bloklama maketində praktiki tapşırıqların icrası təlim iştirakçılarına nümayiş etdirilib.

Yekunda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, dünya çapında bu tip avadanlıqlar istehsal edən müəssisələr az saydadır. Bu baxımdan ATEF İşarəvermə, Mərkəzləmə, Bloklama avadanlığı və Mikroprosessor Mərkəzləşməsi sistemi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Yeni məhsul yalnız ATEF üçün deyil, Azərbaycan sənayesinin elmi-texniki nailiyyəti hesab olunur.

ATEF Şirkətlər Qrupu özünün yeni intellektual məhsulunu təqdim etməklə, yuxarıda göstərilən sahələrin xarici şirkətlərdən asılılığını azaltmağa şərait yaradacaq və bu məhsul ölkəmiz üçün böyük strateji əhəmiyyət daşıyacaqdır.

Comentarios


bottom of page